Ara keçid formaları necə olmalıdır?

Sonrakı hissələrdə təkamülçülərin ara keçid forma olduğunu iddia etdikləri canlıları nəzərdən keçirəcək və bunların həqiqətdə ara keçid formalar olmadıqlarını, bir növə aid tam xüsusiyyətlərə sahib, xüsusi, mükəmməl və qüsursuz canlılar olduqlarını görəcəyik. Ancaq bundan əvvəl təkamül nəzəriyyəsinin iddiasına görə həqiqi ara keçid formalarının necə olmasının lazım olduğunu öyrənməkdə fayda var.


Əvvəlcə təkamülə görə bir ara keçid formanın necə meydana gələcəyini yenidən xatırlayaq. Mutasiyalar, yəni radiasiya, kimyəvi faktorlar kimi səbəblərlə bir canlının DNT-sində baş verən dəyişikliklər, o canlıda bəzi dəyişikliklərə səbəb olar. Təkamül nəzəriyyəsinin iddiasına görə bir canlı növü nəsillər ərzində bəzi mutasiyalara məruz qaldığında başqa bir növə çevrilə bilər. Nəzəriyyəyə görə təbii seleksiya mutasiyalardan "faydalı" olanları seçib yığar və beləcə uzun müddət ərzində yeni bioloji strukturlar meydana gətirər. Təkamül nəzəriyyəsinin növlərin meydana gəlməsiylə əlaqədar iddiası qısaca olaraq belədir.


Ancaq, mutasiyalar təsadüfən baş verir və çox vaxt canlıya zərər verirlər. Zərər vermədiklərində isə canlıya heç bir təsir göstərməzlər. Mutasiyaların bu günə qədər faydalı olduqları tək bir vəziyyət belə aşkar edilməmişdir. Buna görə də mutasiyaların canlıya fayda verməsi mümkün deyil. Xüsusilə də bir canlı növünü ən başdan götürüb, şüurlu bir şəkildə o canlının bədən formasındakı və funksiyalarındakı qüsursuzluğu korlamadan canlının həyat şərtlərini çətinləşdirmədən o canlını mərhələli şəkildə başqa xüsusiyyətlərlə yaratması qeyri-mümkündür. Məsələn, mutasiyalar təsadüfi və şüursuz olduqları üçün dənizdən quruya çıxacaq bir balığın bədənində bir dəfədə ağciyər yarada bilməzlər. Və ya bu canlının üzgəclərini bir dəfədə və ya ağlabatan mərhələlərlə quruda onun bədən ağırlığını daşıya biləcək, tarazlığını itirmədən rahat bir şəkildə yeriyə biləcəyi ayaqlara çevirə bilməzlər. Mutasiyalar nəticəsində qəlsəmələrlə ağciyər, üzgəclərlə ayaqlar, pulcuqlarla tüklər, ayaqlarla qanadlar, dörd ayaqlı duruş ilə iki ayaqlı duruş, əyri skeletlə şaquli vəziyyətdə duran skelet arasında çox pis, bir çox anormallıq və deformasiyaya sahib olan, həqiqi mənada şikəst, dövrümüzdəki növlərlə heç bir əlaqəsi olmayan "deformasiya olunmuş" qəribə formalı strukturlar ortaya çıxacaq.


Həmçinin unutmamaq lazımdır ki, təkamülçülərin iddia etdiyi bu xəyali dəyişiklik milyonlarla il davam edəcəyi üçün, bu cür pis, şikəst ara keçid formaların sayı tam növlərdən daha çox olmalı və fosil qeydlərində də ən çox bu cür deformasiya olunmuş canlılara rast gəlinməlidir. Çünki təkamülçülərin iddialarına görə, indiki vaxtda gördüyümüz hər növ və bu növlərin sahib olduqları hər bədən quruluşu ən incə detalına qədər, göz çuxurlarından əl biləklərinə, barmaqları meydana gətirən kiçik sümük hissələrindən kəllənin formasına, qabırğaların qəfəs formasından onurğanın sayına qədər təsadüfü mutasiyalar nəticəsində mərhələli şəkildə meydana gəlmişdir. Deməli, onda bir canlı növü yaranana qədər o canlı növünün hər orqanı, hər bədən üzvü, hər parçası mərhələli şəkildə formalaşmışdır.


Məsələn, kəlləni götürək. İndiki vaxtda gördüyümüz və keçmişdə yaşayıb fosil qeydlərində tapdığımız bütün canlıların çox qüsursuz, hamar, simmetrik, heç bir deformasiyaya məruz qalmayan kəllələri vardır. Halbuki təkamülçülərin iddialarına əsasən ilk qüsursuz kəllə yaranana qədər kəllə bir çox təhrifli mərhələdən keçmiş olmalıdır. Məsələn, simmetrik bir görünüş alana qədər bir çox assimmetrik forma almalıdır; sağa tərəf daha çox sürüşmüş, çənəsi sağa və ya sola tərəf əyilmiş, burnu sağ yanağına yaxın, qulaqları yanağına və ya geriyə tərəf, digər tərəfdəki qulağı isə tam əks istiqamətdə, göz çuxurlarının biri üstdə, digəri sola tərəf və bunlar kimi milyonlarla təhrifli forma meydana gəlməlidir. Və ya bu kəllələrin bəzilərində faydasız, lazımsız sümüklər çıxmalı, bir neçə nəsildən sonra bu sümüklər əhəmiyyət kəsb etmədikləri üçün yox olmalıdırlar. Halbuki fosil qeydlərində heç belə canlılar yoxdur. Hamısının kəlləsi dövrümüzdəki canlıların kəllələri kimi düzgün və simmetrikdir. Göz, qulaq, burun kimi orqanlar üçün ayrılan boşluqlar da yenə simmetrik və olduqca düzgündür.


Çərçivə daxilindəki şəkillərdə göründüyü kimi, məlum olan kəllələrin hamısı tam və düzgündür. Heç biri ara keçid forma olma xüsusiyyətini daşımır. Hansı növə aid olurlarsa olsunlar, qüsursuz bir quruluşdadırlar. Yarımçıq qalmış, tamamlanmamış bir görünüşləri yoxdur. Digər bir sözlə, bunlar təsadüfən meydana gəlmiş, təsadüfi mutasiyalar nəticəsində deformasiya olunmuş, bir növdən başqa bir növə doğru keçid xüsusiyyəti göstərən kəllələr deyil. Eynilə dövrümüzdəki canlılar kimi qüsursuz quruluşa sahibdirlər. Halbuki, əgər təkamül nəzəriyyəsi doğru olsaydı, əvvəlki səhifədə görülən əyri və formasız, təhrifli kəllələrə aid fosillər tapılmalıydı. Ancaq bu cür fosillərdən yer üzünün təbəqələrində əsər-əlamət yoxdur. Bu açıq həqiqət, təkamül nəzəriyyəsinin iddialarının doğru olmadığının qəti bir sübutudur.


Fosil qeydlərində bu cür təhrifli quruluş və orqanlardan, qəribə ara keçid növlərdən nə qədər çox tapılmasının lazım olduğunu daha yaxşı görə bilmək üçün, təkamülçülərin təsadüf anlayışı üzərində bir az daha durmaq lazımdır. Təkamül nəzəriyyəsinə görə, formalar tamamilə şüursuz bir şəkildə, təsadüfən meydana gəlirlər. Məsələn, bir canlının yaşadığı bölgədə təsadüfi mutasiyaya səbəb olacaq bir hadisə baş verir, bu hadisə canlının genetik quruluşuna təsir edir və canlıda bəzi dəyişikliklər meydana gətirir. Ancaq, bu mutasiya canlının genetik quruluşunu tamamilə dəyişdirmir. Məsələn, əllərinə, qollarına təsir etdiyi halda, kəllə olduğu kimi qala bilir. Yəni, mutasiya hansı genlərə çatsa, o genlərin nəzarət etdiyi orqan və ya strukturlarda bir dəyişiklik baş verir. Bu reallaşması heç bir şəkildə mümkün olmayan bir xəyaldan başqa bir şey deyil.


Məlum olduğu kimi canlıların sahib olduqları bütün xüsusiyyətlər DNT-lərindəki məlumatda gizlənmişdir. DNT isə, milyardlarla hərfdən ibarət olan bir məlumat bankı kimidir. Bu hərflərə çatan təsadüfi mutasiyalar, bu məlumatı mükəmməl hala gətirə bilməz, çünki bu mutasiyalarda şüur yoxdur. Buna görə də mutasiyalar DNT-dəki qüsursuz məlumatı daim korlayacaqdır.


Şüursuz şəkildə baş verən mutasiyalar ən başdan qüsursuz, mükəmməl bir quruluş meydana gətirə bilməzlər. Həmişə təhrifli, əyri, əskik, qüsurlu quruluşlar meydana gətirərlər. Məsəl üçün əllər də təkamül nəzəriyyəsinin iddiasına görə təsadüfi mutasiyaların bir əsəridir. Ancaq təsadüfən baş verən mutasiyalar həm estetik, həm ən faydalı, həm də cisimləri ən qüsursuz şəkildə tutma, idrak və hiss etmə qabiliyyətinə sahib əllər meydana gətirə bilməzlər.


Ən mükəmməl vəziyyətə gələnə qədər (belə ki, bunu bacarmaları qeyri-mümkündür) arada milyonlarla təhrifli əl, qol, ayaq, qıç yaratmalıdırlar. Məsələn, hər bir barmağın uzunluğu bugünkü formasına gələnə qədər milyonlarla mərhələdən keçəcək. Təkamülçülərin iddialarına görə kor təsadüflər barmaqları biləklərdən, qolun orta hissəsindən, əlin üstündən, ovuclardan çıxardacaq, onları yan-yana düzənə qədər hər nəsildə bir-birinin arxasınca bir çox sınaqdan keçəcək. Necə ki, əlinizdə hərflərin yazılı olduğu möhürü təsadüfən yerə atsanız bunların müəyyən bir ardıcıllıqla düzülüb mənalı bir cümlə, hətta bir söz meydana gətirmələrini gözləyə bilməzsiniz, təsadüfi baş verən mutasiyaların əl və ya ayaq barmaqlarını, qıç və qol sümüklərini də ən düzgün, ən faydalı, ən estetik ardıcıllıqda düzmələrini gözləyə bilməzsiniz.


Məsələn, ayaq sümükləri insanın ən ideal və ən az yorularaq yeriyə biləcəyi və bədənin ağırlığını ən az hiss edə biləcəyi şəkildə xüsusi olaraq yaradılmışdır. Ayaqdakı qövs, bədən ağırlığına qarşı sümüklərə dəstək vermə xüsusiyyətinə malikdir. Bu səbəblə də bu qövsdən məhrum olan düz dabanlılar yeriyərkən çətinlik çəkərlər. Təkamülçü iddiaları doğru qəbul etdiyimiz təqdirdə, ayaq sümükləri bu incə detallara sahib olmaq üçün çoxsaylı mərhələlərdən keçməlidir. Onda fosil qeydlərində də bu mərhələlərin heç olmasa bir neçəsinə rast gəlinməlidir. Halbuki, fosil qeydlərində yarım mərhələlər deyil, hər vaxt tam və qüsursuz ayaqlar var.


Təkamülçülərin iddialarına görə fosil qeydlərində mərhələlərinə rast gəlinməsi lazım olan başqa bir struktur isə əyri onurğadır. Onurğa, "fəqərə" adlanan 33 kiçik yumru sümüyün bir-birinin üstünə düzülməsiylə meydana gəlir və insan üçün həyati bir əhəmiyyət daşıyır. Onurğa, bədənin üst hissəsinin bütün ağırlığını daşıyır. Onurğanın "S" formasındakı qıvrımlı quruluşu, üstündəki yükün bərabər paylanmasını təmin edir. Yerimək üçün atılan hər addımda, bədənin ağırlığından ötrü yerdən bədənə doğru bir itələmə qüvvəsi gəlir. Bu qüvvə onurğanın sahib olduğu amorizatorlar və "qüvvə paylayıcı" qıvrımlı forması sayəsində bədənə zərər verməz. Əgər reaksiyanı azaldan amorizatorlar və qıvrımlı xüsusi quruluş olmasa atılan hər addımda əmələ gələn qüvvə birbaşa olaraq kəlləyə çatardı və onurğanın yuxarı ucu kəllə sümüklərini parçalayaraq beynin içinə daxil olardı. Belə bir vəziyyətdə isə, insan nəslinin davam etməsi qeyri-mümkün olardı.


Guya insanın atası olaraq göstərilən bütün onurğalıların da onurğası düzdür. Məlum olan ən qədim onurğalılar olan kembri dövrü balıqlarının, onlardan sonra ortaya çıxan balıqların və ya quruda yaşayan onurğalıların hamısı düz və özlərinə məxsus onurğa quruluşuna sahibdirlər və aralarında heç bir ara keçid forması yoxdur. Təkamül nəzəriyyəsinin iddiasına görə təsadüflər bu mükəmməl onurğaları meydana gətirənə qədər yüz minlərlə ara keçid onurğa forması meydana gətirməlidirlər. Məsələn, onurğa, beyni parçalamayacaq bir forma alana və "S" formalı buruq quruluşa malik olana qədər, onun bir çox fərqli ara keçid forması meydana gələcək. İnsan onurğasının 33 hissəsi də bir anda meydana gəlməyəcək, minlərlə nəsil ərzində mərhələli şəkildə meydana gələcək. Əlbəttə ki, bu mərhələli şəkildə inkişaf fosil qeydlərində də iz buraxacaq, 2 fəqərəli, 5 fəqərəli, 12 fəqərəli quruluşlara sahib fosillər tapılacaq. Ancaq, fosil qeydlərindəki fəqərələr daim o canlı üçün ən mükəmməl, ən uyğun olan quruluş və xüsusiyyətlərə sahibdirlər. Forma və quruluş etibarilə qüsurlu, əskik, yarımçıq deyil, əksinə ən mükəmməl quruluşdadırlar. Yəni aşağıdakı şəkillərdə görünən ara keçid onurğa quruluşlarına fosil qeydlərində heç rast gəlinməmişdir.


Fosil qeydlərində bütün canlılar həmişə ən mükəmməl hallarıyla və tam olaraq mövcuddur. Təkamülçülərin ara keçid forması olaraq irəli sürdükləri canlılar da, əvvəlki səhifələrdə ifadə edilən ara keçid forması xüsusiyyətlərinə sahib deyil. Bunların hər biri bütün xüsusiyyətləri baxımından bütövdür, ara keçid mərhələdə olan, əskik heç bir orqan və ya quruluşları yoxdur. Kəllələri, onurğaları, əl və ayaq quruluşlarında heç bir yarımçıqlıq, nöqsan qalmış xüsusiyyət yoxdur. Bütün canlılar qüsursuz hallarıyla mövcuddur.

 

 Məsələn, delfinin, bayquşun, balıqların, dələlərdən əvvəl yer üzü təbəqələrində bir az delfini xatırladan, bir az bayquşa bənzəyən, amma bir tərəfdən də başqa canlılara aid yarım xüsusiyyətlər daşıyan qəribə canlıların fosilləri qətiyyən yoxdur. Bütün bu həqiqətlər bizə təkamül nəzəriyyəsinin "milyonlarla il ərzində mərhələli şəkildə inkişaf edən canlılar" iddiasının tamamilə bir xəyal olduğunu göstərir. Təxminən 1,5 əsrdir ki, dünyanın hər yerində təkamülçülərin fəaliyyətlərinə və dəlil axtarışlarına baxmayaraq, bu iddianı dəstəkləyəcək tək bir dəlil belə bu günə qədər tapıla bilməmişdir.